Mühüm xırdalıqlar

30 iyun 2017
Mühüm xırdalıqlar


Avtomobildə hər şey qaydasında olmalıdır. Amma sürücüləri avtomobilə qulluq məsələsi ilə bağlı dindirsəniz, məlum olar ki, onların çoxu bunu “unudur”. Bu sözlər xüsusən bahalı olmayan xırda elementlərə, məsələn, filtrlərə, kəmərlərə, şamlara və şinlərdəki təzyiqə aiddir. Elə buna görə də bu yazıda avtomobilin bəzi xırda detallarına nəzərə salacağıq.

Söhbət elə detallardan gedir ki, avtomobil sahiblərinin yalnız yarısı onları yada salır və yalnız 5%-i onlara qulluq edir. Bunun səbəbləri çoxdur və müxtəlifdir. Kimsə texnika məsələlərində səriştəsizdir, kimsə avtomobili əldən salana qədər uzun müddət sürür, kiminsə öz puluna heyfi gəlir. Belə mövqe düzgün deyil. Ona görə ki, avtomobillərin xarab olması hallarının 80%-i onların düzgün istismar olunmaması nəticəsində baş verir.

Avtomobilinizə “kömək etməlisiniz”, onda o sizə uzun müddət və layiqincə xidmət edər. Eyni avtomobili xeyli müddət idarə etməyin yetərincə müsbət cəhətləri də var. Bu zaman siz ona alışırsınız, onun nəyə qadir olduğuna bələd olursunuz, onun idarə olunmasını mənimsəyirsiniz. Onun mövsümi şinləri, musiqi qurğuları, siqnalizasiyası, açarlar dəsti və s. – bütün bunlar sizə tanışdır.

Ona necə qulluq etməyi də artıq bilirsiniz. Yolda dostlarınız avtomobilinizi görən kimi faraları yandırmaqla sizi salamlayırlar. Bir sözlə, avtomobiliniz artıq sizin həyatınızın bir hissəsinə çevrilib. Adətən sürücülər mütəmadi həyata keçirilməli olan prosedurlara az əhəmiyyət verirlər. Onları bir-birindən ayırmaq çətindir, buna görə də gəlin, avtomobilə hissə-hissə nəzər salaq.

Öncə bu yaxınlarda baş vermiş bir misalı qeyd edək. İri avtoservislərdən birinə BMW X5 avtomobilini gətirdilər. Avtomobil heç cür işə düşmürdü, çünki sensorlar radiatorun germetik olmadığını aşkar etmişdilər. Adi avtomobildə soyuq qaynaqla doldurula bilən kiçik deşik BMW X5-də bu cür tragikomik nəticəyə səbəb olmuşdu. Odur ki, avtomobildə ən xırda məsələ də əhəmiyyətlidir. Avtomobil nə qədər müasirdirsə, xırdalıqlara qarşı bir o qədər tələbkardır.

Kapotun altında

Biz daim şəhərdə avtomobillə hərəkət etdiyimizə görə bilməliyik ki, avtomobilin ən sərt istismarı məhz burada, xüsusən tıxaclarda baş verir. Şəhər yollarında tez-tez baş verən məcburi dayanmalar (bəzən avtomobil təzəcə qızdıqdan sonra tıxaclara görə saatlarla dayanmalı olur) avtomobilin mühərriki və sürət qutusu üçün zərərlidir.

Məsələn, avtomat transmissiyanın iş temperaturuna çatması üçün qışda azı 10 kilometr məsafə qət etmək lazımdır, halbuki çoxlarımız səhər işə yollanarkən yolda dəfələrlə dayanmalı oluruq. Belə vəziyyətdə şamlarda köz əmələ gəlir və mühərrikdə his yığılır.

Buna görə də, heç olmasa həftədə bir dəfə avtomobili trasda kifayət qədər sürətlə sürmək lazımdır. Qoy taxometrin göstəricisi 1 dəqiqədə 3000-3500 dövrə təşkil etsin. Bu cür işdən sonra mühərrik bir qədər təmizlənmiş olar.

Amma bu kifayət deyil. Mütəmadi olaraq şamları (közün əmələ gəlib-gəlmədiyini, ara məsafələrini) yoxlamaq və forsunkaları (injektorları, yanacaq-hava qatışığının püskürdücülərini) təmizləmək lazımdır.

Avtomobilin filtrləri təkcə mühərrikdə yağla eyni vaxtda dəyişdiyimiz filtrdən ibarət deyil. Məsələn, avtomobildə hava filtri var ki, o, mühərrik üçün havanı təmizlənməsinə görə cavabdehdir. Əgər o, tozla tutularsa, qidalanma sisteminə az hava daxil olur və avtomobil “boğulmağa” başlayır. Bu zaman o, çətin hərəkət edir və daha çox benzin sərf edir. Filtr mühərriki qum dənələrindən və digər zərrəciklərdən müdafiə edə bilmir, onlar mühərrikin içərisinə düşür və silindr-porşen qrupuna məhvedici təsir göstərir.

Bundan başqa, yanacaq filtri də vardır ki, aşağı keyfiyyətli benzindən və solyar yağından kənar hissəciklərin toplanmasına görə cavabdehdir. Həmçinin komforta görə cavabdeh olan salon filtri də vardır (o, bütün avtomobillərdə olmur), o çirkləndikdə şüşələr tərləyir, isidicidən xoşagəlməz qoxu gəlir. Bütün filtrləri (və şamları) dəyişsəniz, avtomobildə hərəkətin əvvəlkindən fərqli olaraq necə rahat olduğuna heyran qalacaqsınız.

Avtomat sürət qutusunda təkcə yağın olmasına deyil, qutunun filtrinə də diqqət yetirmək lazımdır. Bəzi avtomobillərdə (bəzi Subaru, Mitsubishi modellərində) avtomat sürət qutusunun korpusunda xarici filtr olur. Onu dəyişmək çox asandır, əsas məsələ onu satışda tapmaqdır.

Avtomobillərin çoxunda bu filtr daxildə olur, bu halda onu texniki xidmət stansiyasında təmizlətdirmək lazım gəlir. Əlbəttə, yağın dəyişdirilməsi (bu halda sadəcə yağı boşaldırsan, sürət qutusunun filtrini təmizləyirsən və yeni yağ tökürsən) təmizləmə əməliyyatından xeyli ucuz başa gəlir (həmin əməliyyata dəyişdirmə əməliyyatından iki-üç dəfə artıq yağ sərf olunur).

Soyuducu maye barədə də oxşar sözləri söyləmək olar. Avtomobil sahibi antifrizə diqqət yetirməli və lazım gəldikdə onu dəyişməlidir. Avtomobildə işlənən digər bir maye sükanın hidrogücləndiricisinin mayesidir. Onun səviyyəsinə diqqət yetirmək, rəngi tündləşdikdə və qaraldıqda onu dəyişmək gərəkdir. Yeri gəlmişkən, hidrogücləndiricinin kəməri də var. Sükan çarxını döndərərkən kapotun altından dəhşətli cingilti eşidirsinizsə, onu yoxlamalısınız – onu ya tarımlamaq, ya da dəyişmək lazımdır.

Eyni sözlər generatora da aiddir: mühərrik işə düşdükdən sonra cingilti eşitsəniz, generatorun kəmərinə diqqət yetirməlisiniz. O qırılarsa, avtomobilin bortunda elektrik enerjisi olmayacaq. Avtomobildə həmçinin kondisionerin kəməri (o olmasa, siz klimat-kontrolsuz qalarsınız) və ən mühüm kəmər – qazbölüşdürücü mexanizmin kəməri var. Kəmər qırıldıqda mühərrik işləməyəcək.

Qazbölüşdürücü mexanizmin kəmərinin resursu 60-dan 100 km qədərdir. Bunu nəzərə alın və onu vaxtında dəyişdirin. İndi kəmərlərin yoxlanılmasını və dəyişdirilməsini bir çox servislər həyata keçirilər. Eyni zamanda, servisin ustalarından xahiş edin ki, kipgəclərin maye axıdıb-axıtmadığını da yoxlasınlar. Bu halda, əlavə yağ tökülməsinə yaranan ehtiyacın səbəbi aşkara çıxmış olar.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group