Təkər dəyişməyin vaxtı çatdığını necə bilmək olar?

03 sentyabr 2018
Təkər dəyişməyin vaxtı çatdığını necə bilmək olar?


Avtomobil və yolun təması təkərin protektoru vasitəsilə baş verir. Təkərin təyinatından asılı olmayaraq onun protektorunun əsas göstəricisi onun hündürlüyü və ya dərinliyidir. Bu göstərici protektorun xarici kənarından başlayaraq kanalın dibinə qədər olan məsafədir.

Müasir avtomobil təkərlərində protektorun hündürlüyü 5 mm təşkil edir. Yüngül sərnişin avtomobilləri üçün nəzərdə tutulan adi yay təkərlərində bu ölçü 6–8 mm, qış təkərlərində 8–10 mm, yolsuzluq avtomobilləri və SUV avtomobillərində isə 15–20 mm-dir.
Təkərin aşınması prosesində protektorun hündürlüyü üçün kritik hədd yay təkərləri üçün 1.6 mm, qış şinləri üçün isə 4 mm-dir.
Avtomobilin təkərlərinin protektorunun aşınma səviyyəsinin müntəzəm yoxlanması hər bir sürücü üçün vərdişə çevrilməlidir. Aşınma səviyyəsini ölçməyin isə bir neçə üsulu vardır:

1. Aşınma indikatoru

Bu daha çox istifadə olunan sistemdir. Söhbət protektorun uzun kanallarının dərinliyində yerləşdirilən 1.6 mm qalınlığında blokdan gedir. Əgər protektorun hündürlüyü/dərinliyi həmin indikatorun səviyyəsi ilə eyniləşirsə, bu o deməkdir ki, şin istismar müddətinin sonuna gəlib çatıb və mütləq dəyişdirilməlidir.

2. Aşınmanın rəqəmli indikatoru

Bu metoda əsasən aşınmanın səviyyəsi protektorun üzərində yerləşdirilmiş rəqəm sistemləri vasitəsilə müəyyən olunur. Yazılan rəqəmlər rezinin dərinliyinin göstəriciləridir və protektorun aşınma prosesinin gedişatında silinirlər.

3. Şinin rəng dəyişməsi metodu

İki çinli dizayner aşınma getdikcə rəngini dəyişən şin prototipi işləyib hazırlayıblar. Prinsip çox sadədir: aşınma getdikcə protektorun daxili hissəsi parlaq-narıncı rəngə boyanır. Qeyri-adi və maraqlı metod olsa da, bir çox mütəxəssislərin fikrincə reallaşdırılması çox çətindir!
4. Dərinlikölçən xətkeş
İndikatorlar protektorun aşınma səviyyəsini tez ölçmək üçün çox effektivdir, lakin bu üsul şinin protektorunun dərinliyinin ölçü cihazları vasitəsilə ölçülməsi qədər dəqiq ola bilməz. Protektorun hündürlüyünü/dərinliyini dərinlikölçən xətkeş və ya ştangensirkul vasitəsilə ölçmək mümkündür. Bu cihazı isə demək olar ki, hər yerdən əldə etmək mümkündür.
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group