Təkərlərin düzgün seçimi

09 oktyabr 2017
Təkərlərin düzgün seçimi


Son dövrlər Bakıda bir çox sürücülərlə Dövlət Yol Polisi (DYP) arasında təkər problemi yaşanır. Vətəndaşlarımız belə hesab edirlər ki, dövlət qurumu bu məsələdə onlara haqsızlıq edir. Lakin onu demək lazımdır ki, əslində bir çox sürücülərimiz avtomobili üçün şin seçərkən özləri səhvə yol verirlər. Onlar təyinatına fərq qoymadan xoşlarına gələn şini alıb arxayınca istifadə etməyə başlayırlar. Düşünmürlər ki, bu məsələdə bəzi tələblər nəzərə alınmalıdır. Anlaşmazlığın ilkin mərhələsi də elə buradan başlayır.


Əslində şin seçilməzdən öncə onun hansı hallarda istismar ediləcəyi nəzərə alınmalıdır. Yəni, ilk olaraq hansı relyefdə yaşadığımıza, iqlim şəraitimizə, əsasən necə yollardan istifadə etdiyimizə diqqət verməliyik. Kimsə bu qədər xırdalıqların mövcud olduğundan narahatlıq duymasın. Hazırda bu işlə bağlı heç bir mürəkkəblik yoxdur. Çünki nə qədər çox sual varsa, bir o qədər də asan seçim var. Yetər ki, azacıq diqqətli olaq.

Qış, yoxsa yay şinləri?
​Bunun üçün bəzi şeyləri öyrənməmiz lazımdır. Minik avtomobilləri üçün şinlər 3 növ olur. Qış, yay və (belə deyilən) bütün mövsümlər üçün. Bu işin peşəkarları qışda qış şinlərindən, yayda isə yay şinlərindən istifadə etməyi məsləhət görürlər. Bütün mövsümlər üçün deyilən şinlərin universal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır. İqlimimiz yumşaq olduğuna görə bütün mövsüm üçün təkərlər əlbəttə sərfəli seçimdir. Amma unutmayaq ki, qış mövsümündə əgər havanın tempraturu müsbət 5 dərəcədən aşağı düşürsə mütləq avtomobilin təkərlərinə qış şinləri taxılmalıdır. Əgər daha güclü şaxtalar olmazsa bu “tikansız” təkərlər bütün qışı sizi qoruya biləcək.

Şin ölçüləri, yüklənmə indeksi və sürət

​İndi daha əsas olan məsələdən danışaq: təkərlərin ölçüsündən. Yazının əvvəlində sürücü-DYP əməkdaşları arasında yaranmış problemi qeyd etmiş, maşın sahiblərinin şin seçimlərindəki səhvləri vurğulamışdım. Lakin bu heç də situasiyanın tam təhlili deyil. Mənzərə xeyli fərqlidir. Bu gün DYP inspektorları bir sıra hallarda sürücünü saxladıqda ona belə deyir:
“Təkər 16-lıq olmaldır, amma sən 17-lik vurmusan. Cərimə olunursan, gedirik cərimə meydançasına”.
Bax, burada «STOP» eləmək lazımdır. Bilirsiniz niyə? Ümumiyyətlə, “16-lıq”, “17-lik” söhbəti şinlərdə deyil, disklərdə olur .
Və disklərə görə cərimə ümumiyətlə İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulmayıb. Burada cərimə təkər bazasının pozulmasına görədir.

İXM –nin 342.2.3. maddəsində deyilir:
“Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulmasına yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə;”
Yəni, DYP inspektoru əvvəlcə bu təkərin “16-lıq” yox, “17-lik” olmasını məhz 342.2.3-ə uyğun gəldiyini təsdiqləməlidir.
Bunu isə xüsusi texniki avadanlıqlarla ölçmək lazımdır. Azərbaycan Respublikası “Yol Hərəkəti Haqqında” Qanunun (YHQ) 1 saylı Əlavəsində isə şinlərin avtomobilin ölçüsünə və yükgötürmə qabiliyətinə uyğun olmadıqda dəyişdirilməsi nəzərdə tutulub. Demək Qanun göstərir ki, şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə, nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə nasazlıq aradan qaldırılır. Yəni, cərimə meydançasında sadəcə şinlər dəyişdirilir. Bundan ötrü isə cəza nəzərdə tutulmayıb.
​Qayıdaq “16-lıq” və ya “17-lik” məsələsinə. Hər bir istehsalçı öz avtomobili üçün müxtəlif ölçülər təklif edir və edə bilər. Yəni, zavodda 235.40 R16 olaraq çıxan avtomobilə istehsalçı 245.35 R17 təkər quraşdırılmasına icazə verir. Yəni, bütün bunlara görə, DYP inspektorunun İXM-nin 342.2.2 maddəsi ilə 150 manat cərimə yazması doğru deyildir. Maddədəki normativ tələblər həmçinin istehsalçının normativi deməkdir. Yəni, şinlərlə əlaqədar hər hansı bir istehsalçının normativindən savayı ölkənin normativi olmur.
Azərbaycanın tərəfdaş çıxdığı və icrası məcburi olan “Yol Hərəkəıti Haqqında” Vyana Konvensiyasının 3-cü fəslinin Əlavələr bölməsində şinlər haqqında deyilir:
“54. Avtomobilin təkərləri və onun qoşqularının təkərləri pnevmatik şinlərlə təchiz edilməllidir. Bu şinlər təhlükəsiz idarəetməni təmin etməli, onun yerlə təması, hətta yağış zamanı belə kəsilməli deyil”.
Göründüyü kimi, Vyana Konvensiyası ölçüdən yox, təhlükəsizlikdən danışır. Və istehsalçının verdiyi təkər ölçüləri dəyişik və ya digər marka üçün nəzərdə tutulsa belə ondan istifadə etmək olar. Yeri gəlmişkən, şinlərinizin düzgün seçilib-seçilmədiyini təkər kalkulyatoru ilə öyrənə bilərsiniz.

Təkər seçimi zamanı yükləmə indeksi əsasdır. Bu, maşının təkərlərinin dözdüyü çəkidir. Sürət indeksində isə avtomobilin gücü və idarəetmə üslubu nəzərə alınmalıdır. Məsələn, güclü və iri avtomobillər üçün yüksək indeksli şinlər seçmək lazımdır ki, yolda toz-torpaq qaldırmasın. Əgər təmkinli sürücüsünüzsə normal sürət indeksli şinlərdən istifadə edə bilərsiniz. Sürət indeksi nə qədər yüksəkdirsə şin bir o qədər bərk olur. Aşağı sürət indeksli təkərlərdə isə yüksək sürət zamanı yolla təmas pisləşir.

avtostop.tv
Rəylər:
OXŞAR OLANLAR:

Copyright © 2016-2017 | Turboplus.az
Created by:Netqraf Group